"Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramında Beyləqan rayonu da iştirak etdi.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cəbrayıl Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində 20 oktyabr - Beynəlxalq Kulinariya Günü münasibətilə “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirildi.
Müdafiə Nazirliyinin rəsmiləri, Cəbrayıl, Füzuli, Beyləqan, Xocavənd rayonlarının nümayəndələri Azərbaycanın dünya şöhrətli kulinarlarından bir qrupu, Azərbaycan Ordusunun bütün qoşun növlərinin birləşmə və hərbi hissələrini təmsil edən baş aşpazlar və digər qonaqlar əvvəlcə Horadiz şəhərinə gedərək xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, tər güllər düzdülər.
Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani proqramı elan etdi və onun bələdçiliyi ilə Cocuq Mərcanlıda “Xalqla Ordu əl-ələ” kütləvi vətənpərvərlik bayramına start verildi.
Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarının təşkil etdiyi “Azərbaycan mətbəxi” kitab sərgisində dünya şöhrətli kulinarımız, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanovun kitabları sərgiləndi.
Beyləqan rayonunun hazırladığı tarixi eksponatlardan və milli təamlardan hazırladığı guşə onun tarixinin, folklorunun, etnoqrafiyasının, adət-ənənələrinin, milli mətbəxinin zənginliyini göstərməklə tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Bədii özfəaliyyət kollektivləri öz məharətlərini göstərdi. Rəngarəng konsert proqramı hər kəsdə xoş əhval ruhiyyə yaratdı.
Sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən Şuşa məscidinin oxşarı olan Cocuq Mərcanlı kənd məscidində Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açıldı. Din xadimləri dualar oxudu. Ehsan mərasimində şəhid ailələri, müharibə qaziləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak etdilər.
Həmin gün bütün hərbi hissələrdə respublikanın məşhur aşpazlarının iştirakı ilə hazırlanan milli yeməklərdən ibarət süfrələr açıldı.