Rayonun İkinci Şahsevən kəndində səyyar qəbul-görüş keçirildi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 22 oktyabr 2019-cu il tarixdə rayonun İkinci Şahsevən kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev, rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakini Abbasov Qara Ağalar oğlu İkinci Şahsevən kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə məhəllələrə su xəttinin çəkilməsini, Sadıqov Sabir Rəhim oğlu elektrik enerjisinin itkisiz və fasiləsiz verilməsi məqsədilə SİB kabellərin çəkilməsini, Mehdiyev Sehran Mehdi oğlu İkinci Şahsevən kəndinə gələn beton su arxın 2000 metr hissəsinin lildən təmizlənməsinə köməklik göstərilməsini, Mehdiyeva İradə İsi qızı kənd poçt məntəqəsinin inzibati binasının qəzalı vəziyyətdə olduğunu nəzərə alaraq yerinin dəyişdirilməsini, Əhmədov Bayram Əhməd oğlu kənd ərazisində qəzalı vəziyyətdə olan 3 ədəd telefon dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini, Məmmədəliyev İsmayıl Həsən oğlu 1200 metr kənd daxili yolun cari təmirinə köməklik olunmasını xahiş etdi.
Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
İkinci Şahsevən kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.