Beyləqan rayonunda İcbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
22 yanvar 2020-ci il tarixdə keçirilən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşı Tofiq Səfərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Abbasov, Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Əli Məmmədov, ərazi icra nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon mərkəzi xəstəxanasının işçiləri və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin əməkdaşı Tofiq Səfərov ölkəmizdə tətbiq olunan icbari tibbi sığortanın əhəmiyyətindən danışıb.Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Əli Məmmədov aparılan hazırlıq işləri haqqında məlumat verərək icbari tibbi sığorta ilə bağlı tibbi personalla mütəmadi söhbətlər apardığını, bunun ölkə səhiyyəsinin inkişafında əvəzsiz addım olduğunu diqqətə çatdırdı.
Agentliyin əməkdaşı Elvin Abbasov iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə məlumat verib. Bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda, bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddırlar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar agentliyin əməkdaşları tərəfindən cavablandırıldı.