“Həzi Aslanov Xatirə bağı”nda keçirilən tədbirdə qəhrəmanın xatirəsi ehtiramla yad edildi.
24 yanvar 2020-ci ildə Beyləqan rayonunun İkinci Şahsevən kəndində keçirilən tədbirdə Hərbi orkestrin ifa etdiyi “Rekviyem”in sədaları altında hərbi qulluqçular, veteranlar, ictimaiyyət nümayəndələri, gənclər, Həzi Aslanovun və şəhidlərin ailə üzvləri ölməz generalın abidəsi və şəhidlərin xatirə lövhəsi önünə qızılgüllər, qərənfillər düzüblər. Ulu öndər Heydər Əliyevin, Həzi Aslanovun timsalında Böyük Vətən müharibəsi illərində faşizmə qarşı müharibədə həlak olan və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətənin igid övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Azərbaycan Respublikası Prezidentinin “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı yaradılan Təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidenti İlham Əliyevin bu Sərəncamının əhəmiyyətindən danışaraq nəzərə çatdırıb ki, işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun şəxsi heyətinin, eləcə də gənc nəslin ata-babalarımızın, əcdadlarımızın qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi qarşımızda duran əsas vəzifələrdəndir və bu iş dövlətimizin başçısının və Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Məhz Prezidentin növbəti Sərəncamı da mühüm əhəmiyyət kəsb edir, xalqımız və Vətən müdafiəçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
General-mayor Mayis Bərxudarov Prezidentin "Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin cəbhəyanı bölgələrdə də uğurla həyata keçirildiyini bildirib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ müharibəsinin veteranı Eyvaz Hüseynov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov və şəhid atası Ələkbər Hüseynov hərbçilərin bu təşəbbüsünü yüksək qiymətləndiriblər.
Həzi Aslanovun nəvəsi Emin Aslanov çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, eləcə də yubiley tədbirlərini yüksək səviyyədə təşkil etdiyinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, hərbi hissənin komandanlığına Aslanovlar ailəsinin minnətdarlığını çatdırıb.
Döyüşlərdə və Azərbaycan Ordusu şəxsi heyətinin vətənpərvərlik tərbiyəsi işində fərqlənən bir qrup hərbi qulluqçu və mülki şəxsə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi “Həzi Aslanov” yubiley medalı, H.A slanovun həyat və qəhrəmanlıq yolunu əks etdirən kitablar, bədii və sənədli filmlərin disklər dəsti albomu təqdim edilib. İkinci Şahsevən kənd tam orta məktəbinin şagirdlərinin ifasında “Qəhrəmanlar ölmürlər” adlı ədəbi kompozisiya təqdim edilib, “Şəhidlər bulağı”nın açılışı olub və ətrafına həmişəyaşıl ağac tingləri əkilib.