Beyləqanda dezinfeksiya tədbirləri və karantin rejiminin tələbləri , davranış qaydaları barədə əhali arasında maarifləndirmə işi davam etdirilir.
Rayonda Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi təmin edilir. Bu məqsədlə şəhər,kənd və qəsəbələrdə ümumi sayı 2-3 nəfərdən ibarət ,əraziləri yaxşı tanıyan qruplar yaradılmışdır. Onlar ictimai yerlərdə, küçələrdə, parklarda sakinlərlə söhbət aparır, karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirir, küçə və meydanlardan evlərinə göndərirlər.
Müxtəlif yerlərdə, o cümlədən əhalinin intensiv keçdiyi küçələrdə, meydanlarda, inzibati idarələrdə, parklarda, iri ticarət obyektlərinin ətrafında, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və giriş qapılarında, avtobus və taksi dayanacaqlarında sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri davam etdirilir.
Həyata keçirilən bütün tədbirlər rayon sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.