31 Mart Azərbaycanlıların soyqırımı günüdür.
Ermənilər Qafqazdakı işğalçılıq niyyətlərini həyata keçirmək üçün XIX əsrdən başlayaraq bəşər tarixinə ləkə olan qanlı cinayətlər törədiblər. 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən qətliamlar onların çirkin və məkrli niyyətlərini həyata keçirmək üçün başladıqları soyqırımı siyasətinin tərkib hissəsi idi.
1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri çoxsaylı soyqırımı aktlarından biridir. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 kəndi yerlə yeksan edilmişdi. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılmış və yandırılmışdı.
Ermənilərin azərbaycanlılara qarşı deportasiya siyasəti özünəməxsus tərzdə zaman-zaman davam edib. 1948-1953-cü illərdə Ermənistanda yaşayan azərbaycanlılar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarına əsasən Azərbaycanın rayonlarına köçürülüb. 1988-ci ilin fevral ayında yüz minlərlə azərbaycanlını Ermənistandan qovmaqla ermənilər etnik təmizləmə siyasətini başa çatdırıblar. Həmin dövrdən başlayaraq ermənilərin Qarabağ iddiası xalqımız üçün daha acı nəticələrə gətirib çıxardı.Belə ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir. Azərbaycan tarixinə yeni baxışın, tariximizin yenidən araşdırılmasının əsasını qoyan bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir.
Fərmana əsasən hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi anılır. Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik.