Faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub.
Böyük Vətən müharibəsində Azərbaycandan 700 min nəfərə yaxın şəxs iştirak edib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğurundakı döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunub, 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
1941-1945 illərdə Böyük Vətən Müharibəsində Beyləqan rayonundan 836 nəfər iştirak etmişdir, 32 nəfər həlak olmuş, 73 nəfər itkin düşmüş, 181 nəfər əlil olmuşdur. Böyük Vətən müharibəsində iştirak edən Beyləqanlılardan Gəray Əsədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 454 nəfər SSRİ-ni orden və medalları ilə təltif edilmişdir.Böyük Vətən müharibəsində iştirak edən beyləqanlılardan 4 nəfər-1922-ci il təvəllüdlü Rəhimov Teymur Əliş oğlu, 1926-cı il təvəllüdlü Qafarov Yusif Kərəm oğlu, 1924-cü il təvəllüdlü Məmmədov Məmməd Süleyman oğlu və İbişov Hətəm Bəhrəm oğlu hazırda həyatdadırlar.
Faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə həmin veteranlar Beyləqan rayon İcra hakimiyyəti tərəfindən ziyarət edilərək onlara әrzaq sovqatları verilib. Keçirilən görüşdə İcra hakimiyyəti başçısının Birinci müavini Telman Məstanov iştirak etdi. Veteranlar cəbhə xatirələrindən, müharibə zamanı keçdikləri şərəfli döyüş yolundan ölkə rəhbərinin onlara qayğı və ehtiramından danışdılar.
Veteranlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.