Koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin MƏLUMATI
Əziz beyləqanlılar və dəyərli səhifə izləyicilərimiz,
Azərbaycan dövləti koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub.
Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını üstələmişdir.
Amma təəssüflə qeyd etməliyik ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlanmış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır.
Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.
Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarının tələblərinin və təqdim olunmuş tezislərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı rayon İcra hakimiyyəti aparatında , nümayəndəliklərdə, rayonun idarə,müəssisə və təşkilatlarında, bələdiyyələrdə şərtsiz əməl olunması üçün təbliğat-izahat işləri aparılmış,sosial məsafəni gözləmək və (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə onlara ciddi tapşırıqlar verilmişdir.
Əziz sakinlərimiz insanların toplaşdığı və yaxın təmasda olduğu açıq və qapalı ictimai yerlərdə, nəqliyyatda,ictimai iaşə, ticarət və xidmət obyektlərində aranızda sosial məsafənin qorunmasına diqqət edin və maskadan istifadə edin.