Əbədi ömrün başlanğıcı
44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələnlərdən biri də Məmmədov Emin Fazil oğludur. O, 1997-ci ilin noyabr ayının 10-da Arazın sahilindəki birinci Şahsevəndə anadan olub. Uşaqlığı Araz qırağında keçən Eminin böyüyəndə hərbiçi olacağını bəlkə də çoxları ağlına gətirməzdi. Amma o, hərbiçi olmağı, vətənə, xalqa xidmət etməyi özünə şərəf bilirdi. Elə ona görə də, N saylı hərbi hissələrin birində hərbiçi kimi fəaliyyətə başladı. Onun hərbi fəaliyyətinə başlamasından 3 ay sonra Vətən müharibəsi başladı. Döyüş yolu Füzuli, Cəbrayıl və Hadrutdan keçdi. Emin bu döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərdi. Düşmənə qarşı amansız oldu. Ən ağır döyüşlərdə ön sıralarda döyüşürdü. Noyabrın 3-ü onun son döyüş günü oldu. Daşaltı uğrunda gedən şiddətli döyüşdə şəhidlik zirvəsinə ucaldı.
Bu günlərdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyevlə şəhidin doğulduğu I Şahsevən kəndində şəhidin ailə üzvləri ilə görüşdük. Həmin gün F.Miriyev adına Araz qəsəbə tam orta məktəbinin müəllim və şagird kollektivi ilə şəhidlərin məzarını ziyarət etdik. Şəhidin oxuduğu F.Miriyev adına Araz qəsəbə tam orta məktəbin direktoru Tamara Əhmədova və sinif müəllimi Şükufə Fərmanova şəhid Emin Məmmədovun məktəb illərində nümunəvi və cəsarətli şagird olmasından geniş söhbət açdılar. Ziyarət zamanı şəhidin ailə üzvləri dövlətin onlara göstərdiyi qayğıdan məmnun olduqlarını bildirdilər.