Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli Səyyar ASAN xidməti Beyləqanda

04 iyun 2021 | 16:00

İmişli Səyyar “ASAN xidmət" avtobusu artıq 10 gündür ki, Beyləqanda vətəndaşlara xidmət göstərir.
Ölkəmizdə hökümət tərəfindən vətəndaşa göstərilən diqqət və qayğı həyata keçirilən işlərdə və icra edilən layihələrdə də öz əksini tapır. Bu istiqamətdə vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” Mərkəzlərinin yaradılması da bunun bariz nümunəsidir.
"ASAN xidmət” Mərkəzləri müasir və təkmil metodlarla vətəndaşlara vaxtlarına qənaət etməyə imkan verir və onlara göstərilən xidmətlərin keyfiyyətini artırmağa xidmət edir. Belə ki, vahid mərkəzi ziyarət edən vətəndaşlar onlarla dövlət və özəl təşkilatlar tərəfindən göstərilən müxtəlif xidmətlərdən istifadə edə bilərlər. Yeni ideyalar və innovativ metodların tətbiqi vətəndaşlara yerindəcə köməklik göstərilir.
Respublikanın bütün ərazilərində vahid mərkəzlərin faliyyət göstərməsi tam reallaşana kimi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda sakinlərə səyyar şəkildə xidmət göstərilir. Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və qabaqcıl üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olmaq Səyyar xidmətin əsas məqsədidir.
Xəbər verdiyimiz kimi, İmişli Səyyar “ASAN xidmət”in nümayəndələri 27 may 2021-ci il tarixdən texnika ilə təchiz olunmuş xüsusi avtobusla Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 102 ünvanında, Beyləqan rayonlar arası Mühafizə idarəsinin binasında vətəndaşların xidmətindədirlər. 25 iyun 2021-ci il tarixədək 30 gün müddətində əhaliyə səyyar xidmətlər göstərəcəklər.
Səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur. Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Xarici pasportun verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxildir.
Avtobusda xidmət zamanı xüsusi karantin rejimi qaydalarına riayət olunmasına, vətəndaşların tibbi maskadan və spirtdən istifadəsinə birmənalı şəkildə əməl edilir.
Avtobus fəaliyyətə başladığı andan bu günə kimi 812 nəfər vətəndaşa xidmət göstərilib. Vətəndaşlar əsasən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə əlaqədar müraciət ediblər.
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar.
Məlumat üçün qeyd edək ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 102, Beyləqan rayonlar arası Mühafizə idarəsinin binasında Səyyar "ASAN xidmət" tərəfindən sənəd qəbulu bazar ertəsi və cümə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Keçidlər