Beyləqanda şəhid ailələri və müharibə iştirakçılarına 174 medal təqdim edilib
İyunun 26-da Beyləqan rayonunda Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Hüquq mühafizə orqanlarının rəhbərləri , RİH-nin məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatırəsini andılar. Sonra Cərciz Peyğəmbər ziyarətgahında yaradılan Şəhidlər Xiyabanı ziyarət olundu.Məzarlar üstünə Əkili və gül dəstələri qoyularaq şəhidlərimizin ruhuna dualar oxundu.
Tədbir Mədəniyyət Sarayında davam etdirildi.Azərbaycan himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev açaraq ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilərək, Silahlı Qüvvələrimizin 103-cü ildönümünün ölkəmizin hər bir diyarında üçrəngli bayrağımızın dalğalanması sevinci və təntənəsi ilə qeyd edildiyini bildirib.
O, qeyd edib ki, Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi. Torpaqlarımız düşmən tapdağından azad edildi. 30 illik həsrət sona çatdı və biz o torpaqlara qayıtdıq. Təbii ki, bu yolda vətən üçün canından keçən şəhidlərimiz də oldu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, bildirmək istəyirəm ki, onların bizə əmanət qoyduqları ailə üzvləri hər zaman dövlətin diqqətindədir.
İcra başçısı bildirdi ki,bu tarixi qələbənin əldə edilməsində Beyləqan rayonunun qəhrəman oğullarının da misilsiz əməyi var. Yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq. Onlar tərəddüd etmədən canlarını fəda edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərin, şəhidlərimizin qisasını aldılar.Birinci Qarabağ müharibəsində olduğu kimi Vətən müharibəsində də beyləqanlılar ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda müharibədə canlarından keçdilər,şəhid oldular.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Əlisafa Məmmədov çıxış edərək ordumuzun 44 günlük müharibədəki parlaq qələbəsindən,hərbçilərimizin göstərdikləri şücaətdən,şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısından bəhs etdi.
Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Qarabağımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən Beyləqan rayonundan olan şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına 174 ədəd medal təqdim edildi.
108 şəhid ailəsinə, 66 qazi və müharibə iştirakçısına “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Hərbi xidmətə görə” və “Döyüşdə fərqlənməyə görə” medalları təqdim edildi.
Döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qələbənin əldə olunmasında zəhməti olan bütün qəhrəmanlara minnətdarlıq bildirildi.
Tədbirdə şəhid valideyinləri çıxış edərək, xalqımıza qələbə sevincini yaşadan övladları ilə qürur duyduqlarını və onların qəhrəmanlıqlarını qiymətləndirərək orden və medallarla təltif edən Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdilər.