Əbədi qəhrəman!
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan İlyas Nəsirov vaxtının çox hissəsini gecə kəsfiyyatı təlimlərinə sərf edirdi. Döyüş yolu hələ Aprel döyüşlərindən də keçən igidimiz həmin döyüşlərdə yaralı komandirini mühasirədən xilas etmiş, saysız qəhrəmanlıqlar göstərmişdir. O, Aprel döyüşlərində göstərdiyi şücayətə görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur və bu mükafatı ona İlham Əliyev şəxsən özü təqdim etmişdi.
Vətən Müharibəsində də öz igidliyini nümayiş etdirən şəhidimiz İlyas ordumuzla birlikdə saysız uğurlar əldə etdi. Döyüşlərdə bir an belə geri çəkilməyən igidimiz kəşfiyyatçı kimi həmişə ən öndə gedərdi.
Nəsirov İlyas Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda savaşaraq Xankəndi, Şuşa istiqamətində gedən qızğın döyüşlərdə iştirak etdi. İlyas 21 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı Şəhidlik zirvəsinə ucaldı. Vətən Müharibəsi zamanı döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə şəhidimiz İlyas Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı və nəhayət "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Beyləqan rayon İcra hakimiyyəti olaraq qəhrəman şəhidimiz Nəsirov İlyasa Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik!