Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məmmədov Emin Vətən oğlunun doğum günü münasibəti ilə Beyləqan rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.

15 avqust 2021 | 16:00

Bu gün torpaqlarımızın bütövlüyünü bizə qazandıran, Qarabağ sevincini bəxş edən növbəti şəhidimiz Məmmədov Emin Vətən oğlunun doğum günüdür. Qəhrəman şəhidimiz 15 avqust 1992-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Emin Məmmədovun döyüş hekayəsi və uğurları hələ Vətən Müharibəsindən əvvəl başlamışdı. O, hərbi xidməti bitirdikdən sonra Müddətdən artıq həqiqi hərbçi kimi Azərbaycan ordusunda xidmət göstərməyə başlamışdı. 2015-ci ildə Türkiyədə baş tutan snayper hazırlığı kursunda 600 nəfərin arasından 13-cü yeri qazanaraq böyük bir uğura imza atan Məmmədov Emin, bundan əlavə Türkiyənin məşhur “Sualtı Taaruz” kursuna qatılaraq oranı da müvəfəqiyyətlə başa vurmuşdur. 2016-cı ildə Aprel döyüşləri zamanı düşmənin qorxusuna çevrilən Məmmədov Emin taleyinin son döyüşünü Vətən Müharibəsində etdi. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə əsl qəhrəmanlıq nümunəsinə çevrilib saysız şücaət göstərdi. Döyüşdə bir gün iştirak etsə də haqqında bir ömür danışılacaq igidimiz elə həmin gün ən uca məqam olan şəhidlik zirvəsinə qovuşur.
Bu gün şəhidimizin doğum günü münasibəti ilə Beyləqan rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, həmin şöbənin böyük məsləhətçisi Kənan Rüstəmov, Qəhrəmanlı qəsəbə İƏD nümayəndəliyi, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə xüsusi nümayəndəsi Mir-Səccəd, Müharibə veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Beyləqan rayon filialının sədri Rövşən Namazəliyev, şəhidin ailəsi və yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Heybət Əliyev tədbirdə çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında şəhid və qazilərimizin, ümumilikdə yenilməz Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğunu bildirdi. H.Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Emin Məmmədovun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara öz minnətdarlığını bildirmişdir.
Tədirdə çıxış edən digər məsul nümayəndələr Emin kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu xüsusilə vurğuladılar.
Şəhidin döyüş yoldaşları da Eminin müharibə ərzində qətiyyəti, cəsarəti və üstün hərbi bacarıqlarını qeyd edərək onunla yaşadıqları döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda şəhidimizin əziz xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Məmmədov Emin Vətən oğlu kimi torpaqlarımızın uğrunda canını fəda edən şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

Keçidlər