Beyləqan rayon Mədəniyyət Mərkəzində Milli Qəhrəman Akif Əkbərovun xatirəsinə həsr olunmus tədbir keçirilib
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əkbərov Akif Abbas oğlu 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi fəaliyyətinə başlayan sonra Akif Əkbərov Polis Şöbəsinin dövlət avtomobil müfəttişliyi bölməsində yol-patrul xidməti müfəttişi vəzifəsində işləməyə başlamışdı. 1991-ci il avqustun 5-i Akif Əkbərov və Beyləqan rayon Polis Şöbəsinin bir qrup digər əməkdaşı Kəlbəcər rayonunun “Sarı yer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Avqustun 12-si ermənilər Cermuq şəhəri tərəfdən “Sarı yer” yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçilərimiz döyüşə girir və əsl şücaət göstərirlər. Akif və döyüş yoldaşlarının qətiyyətli mübarizəsi qarşısında ermənilər aciz qalmışdı. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir və düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Uzun müddət davam edən şiddətli döyüşdə Akif qəhrəmancasına həlak olur. Beyləqan rayonunda dəfn olunan qəhrəmanımız ailəli idi, ondan Azərbaycan xalqına beş övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əkbərov Akif Abbas oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülmüşdür. Beyləqan şəhərində büstü qoyulub, küçələrdən biri onun adını daşıyır.
Tədbirdən öncə Milli Qəhrəmanın əziz xatirəsini ehtiramla yad etmək üçün büstünün önünə gül dəstələri düzülmüşdür.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul nümayəndələri, Hüquq Mühafizə Orqanlarının rəhbərləri, Milli Qəhrəmanın ailə üzvləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutmuş tədbirdə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Rayon Polis şöbəsinin rəisi, Milli Qəhrəmanımızın oğlu və yaxınları, döyüş yoldaşları çıxış etmişdir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Milli Qəhrəmanımız haqqında danışmış, onun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında daim qəlblərdə yaşayan ölməz qəhrəmanlıq nümunəsi olduğunu xüsusi vurğulamışdır.
Tədbirə qatılan Milli Qəhrəmanın yaxınları və döyüş yoldaşları onun şərəflə sürdüyü həyat və döyüş yolundan söz açmış, bir qarış Vətən torpağını belə düşmənə verməmək naminə yüksək hərbi bacarığı, cəsurluğu və iğidliyi sayəsində böyük nailiyyətlərlə başa vurduğu qeyri-bərabər savaşda canını fəda edərək şəhidlik zirvəsinə ucaldığını bildirmişlər.
Xatirə tədbiri Milli Qəhrəmanımıza həsr olunmuş şeir və kompozisiyalarla davam etmişdir.