Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən Müharibəsi qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri şəhid Siyahim Dəmirovun doğum günüdür.

13 sentyabr 2021 | 16:00

Bu gün Vətən Müharibəsi qəhrəmanı, şəhid Siyahim Dəmirovun doğum günüdür. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən hərbçimizin 31 yaşı tamam oldu.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Qələbəmizin qazanılmasında böyük payı olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən Müharibəsi şəhidi Dəmirov Siyahim Əlizamin oğludur. Siyahim bu gün yaşasaydı 31 yaşını qeyd edəcəkdi. Döyüş yolu hələ Aprel döyüşlərindən də keçən igidimiz  Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı düşmənə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib əsl igidlik nümunəsinə  çevrildi. Ömrünü, gününü və nəhayət canını torpağımızın, vətənimizin azadlığı uğrunda fəda edən, döyüşlərdə bir an belə geri çəkilməyən igidimiz  29.10.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş meydanında göstərdiyi igidliyə görə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra  “Qarabağ Ordeni “ ilə təltif olunmuşdur.
Şəhidimizin doğum günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Yeganə Məmmədova və Heybət Əliyev, rayonun idarə və müəssisə rəhbərləri və işçiləri, şəhidin ailə üzvləri, hərbçi yoldaşları ilə birlikdə Siyahimin cənnətdəki ilk doğum gününü məzarı başında qeyd ediblər. Qəhrəman şəhidimizin məzarı ziyarət edilərək gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi böyük ehtiramla yad edilib. Məktəblilər tərəfindən şəhidin xatirəsinə həsr olunmuş şeir və kompozisiyalar ifa olunub.
Sonra tədbir iştirakçıları şəhidin yaşadığı evinin önündə inşa edilən xatirə bulağının açılışında iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdiri Yeganə Məmmədova tədbirdə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib və 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Siyahimin xatirəsinin daim əziz tutulacağını vurğulayıb və Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidin ailəsinə dərin ehtiramını bildirib.
Şəhidin valideyinləri və hərbçi yoldaşları çıxış edərək Siyahimin döyüş yolundan, şücaətindən, mərdliyindən söz açıblar. Onun öz istəyi ilə hərbiçi peşəsini seçdiyini, sağlığında hərbi hissə rəhbərliyi və yoldaşları arasında dərin hörmət və nüfuz qazandığını, yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıblar. 
Sonda xatirə bulağının açılışı baş tutub, önünə gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyəti olaraq şəhidimizə rəhmət, yaxınlarına isə səbr diləyirik!

Keçidlər