Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 27 sentyabr- Anım Günü qeyd edildi.

27 sentyabr 2021 | 16:00

Beyləqanda 27 sentyabr- Anım Günü qeyd edildi.  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü qeyd kimi ediləcək. 
Bu məqsədlə 2021-ci il 27 sentyabr tarixində Beyləqan rayonunda Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq tədbir keçirilib.
Ötən ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsində şəhidlərimiz əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını ölkəmizdən qovaraq vətənimizin bütövlüyünü bərpa ediblər.
Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş igidlərin ruhlarına hörmət və ehtiram əlaməti olaraq şəhidlərin adına ucaldılmış xatirə kompleksinin önündə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətnin başçısı, aparatın nümayəndələri,  Millət vəkili, Hüquq-Mühafizə Orqanlarının rəhbərləri, Şəhid ailələri və qazilər, idarə və müəssisə rəhbərləri, N saylı hərbi hissənin əsgərləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edib.  
Tədbir Azərbaycan Respublikasının himni ilə başlayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbirdə çıxış edərək şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olduğunu qeyd etmişlər. A.Ağayev bildirmişdir ki, Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Ölümüylə ölümsüzlüyə qovuşan, bizə Zəfəri bəxş edən şəhidlərimiz heç vaxt undulmayacaq və yaddaşlardan silinməyəcəkdir.
Tədbirdə çıxış edən şəhid ailələri övladlarının qəhrəmanlığından bəhs etmiş, ölkə rəhbərliyinə onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda şəhid övladları və məktəblilər hazırladıqları şeir kompozosisiyalarını təqdim etmişlər.
Daha sonra Birinci Qarabağ və Vətən müharibəsində həlak olmuş şəhidlərin və Naməlum şəhidlərin məzarları ziyarət edilmişdir. Onların xatirəsini dərin hörmət və ehtiramla yad edərək, abidə önünə əkili, məzarları önünə  gül dəstələri düzülüb, ruhlarına dua oxunmuşdur.
Bu gün həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədi ilə ağacəkmə aksiyası həyata keçirilib. Beyləqan-Daşburun yolunun sol hissəsində reallaşdırılan ağacəkmə aksiyası zamanı şəhidlərimizin adına 300 ədəd eldar və 300 ədəd tuya olmaqla, ümumilikdə 600 ədəd ağac əkilib.
Saat 12.00-da ölkə ərazisində, o cümlədən Beyləqan rayonunda şəhidlər bir dəqiqəlilik yad edildi və avtomobillər tərəfindən fasiləsiz fit səsi verildi.
Bizə Qələbə sevincini yaşadan, vətənin müstəqilliyi və istiqlaliyyəti , xalqının rifahı uğrundan canından keçərək şəhidlik zirvəsinə çatan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik!

Keçidlər