Sentyabrın 25-də Beyləqan rayonunun iki şəhidinin doğum günü idi.
Sentyabrın 25-də Beyləqan rayonunun iki şəhidinin doğum günü idi.
Sentyabrın 25-i şəhid Elbrus Bayramov və şəhid Tacir Muradlının doğum günü idi. Şəhidlərin doğum günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin başçısı və aparatın nümayəndələri, hərbçi yoldaşları və ictimaiyyət nümyəndələri şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına ehtiram əlaməti olaraq məzarları önünə gül düzüb, adlarına dualar oxumuşdur.
Qeyd edək ki, Şəhid Elbrus Bayramov 1986-cı il sentyabrın 25-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Elbrus Bayramov həmçinin Aprel döyüşlərində savaşıb və peşəkarlığı ilə xüsusi olaraq fərqlənib.
Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elbrus Bayramov oktyabrın 3-də Füzuli döyüşləri zamanı Qərvənd istiqamətində şəhid olub. Ailəli idi. 2 övladı vətənə yadigar qaldı.
Doğum günü olan digər gənc şəhidimiz, Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, həmdə 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidovun şəxsi mühafizə heyətinin üzvü idi.
Yaxınları qeyd edir ki, Tacir həmişə şən, zarafatcıl və yüksək əhval-ruhiyəli gənc olub. Orduda xüsusi rəşadəti və cəsurluğa ilə seçilən Tacir oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ailənin tək övladı idi və subay idi.
Qəhrəman şəhidlərimizin ruhunu hörmət və ehtiramla anırıq!