Şəhidin cənnətdəki doğum günü
Şəhidin cənnətdəki doğum günü.
44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələnlərdən biri də Məmmədov Emin Fazil oğludur. O, 1997-ci ilin oktyabr ayının 11-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub.
Emin uşaqlıqdan vətənə, torpağına sevgi ilə böyümüşdür. O,həmişə hərbiçi olacağını deyirdi. 2016-ci ildə Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbin 11-ci sinfini bitirən Emin məzun günündə bayrağımızı məktəbinin ən uca yerindən asmış, sonra isə fəxrlə hər zaman bayrağımızı ucaldacağını söyləmişdir.
Noyabrın 2-də Daşaltı istiqamətində hərəkət edən edən Eminin də içərisində olduğu maşın kalonu düşmən atəşinə məruz qalmışdır və qəhrəmanımız dostları ilə birgə şəhidlik zirvəsinə ucalmışdır. O, noyabrın 5-də doğulub boya-başa çatdığı kənddə, uğrunda canını fəda etdiyi vətən torpağına tapşırılmışdır.
Qorxmazlığı və şücaəti ilə adını tariximizin şanlı səhifəsinə yazan əsgər Məmmədov Emin Fazil oğlu ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Ərazi İcra nümayəndiliyi, şəhidin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri, məktəbli şagirdlər şəhidin doğulduğu Birinci Şahsevən kəndində onun məzarını ziyarət etmişlər. Şəhidin məzarı önünə gül dəstələri düzülüb, adına dualar oxunulmuş, məktəblilər tərəfindən şəhidimizə həsr olunmuş şeir kompozisiyaları ifa olunmuşdur.
Daha sonra Heybət Əliyev və digərləri şəhidin ailə üzvlərini evində ziyarət edib. Şəhidin ailə üzvləri və yaxınları Emin Məmmədovla yaşadıqları xatirələri bölüşüb, onun nümunəvi və cəsarətli gənc olmasından geniş söhbət açıblar. Ziyarət zamanı şəhidin ailə üzvləri dövlətin onlara göstərdiyi qayğıdan məmnun olduqlarını bildiriblər.