Şəhid Bayramov Xəqaninin anım günü məzarı başında qeyd edildi.
Şəhid Bayramov Xəqaninin anım günü məzarı başında qeyd edildi.
Xəqani Bayramov Mamed oğlu 1990-cı il noyabrın 17-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ailəli idi, vətənə əmanət iki övladı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Xəqani Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdən bir an belə geri çəkilməyən qəhrəmanımız oktyabrın 21-də elə Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Xəqani Bayramov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün şəhidin anım günü münasibəti ilə onun məzarı başında tədbir keçirildi. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul nümayəndələri, Hüquq mühafizə orqanlarının rəhbərləri, rayon idarə və müəssisə rəhbərləri, şəhidin döyüş yoldaşları, məktəb müəllimləri, ictimaiyyət nümayəndələri və məktəblilərin iştirakı ilə baş tutan mərasimdə əvvəlcə şəhidimizin məzarı önünə əkili qoyulmuş və ruhuna ehtiram əlaməti olaraq dualar oxunulmuşdur.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, Xəqani Bayramova o cümlədən, bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmışdır.
Şəhidin ailə üzvləri, döyüş yoldaşları və yaxınları Xəqaninin döyüşlər ərzində göstərdiyi şücaətdən, vətənə bağlılıq və sədaqətindən söz açaraq onunla birgə yaşadıqları xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbir məktəbli şagirdlərin şəhidlərə həsr olunmuş şeir və kompozisiyaları ilə davam edib.