Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Emin Fərzəlizadənin övladının 1 yaşı tamam oldu. Ötən günlərdə Vətən Müharibəsi şəhidi Emin Fərzəlizadənin kiçik övladı Nurayın 1 yaşı tamam oldu.

01 dekabr 2021 | 16:00

Şəhid övladının doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova və aparatın məsul işçiləri şəhidin ailəsini ziyarət ediblər.
Eminin Vətənə əmanət Mələk və Nuray adlı 2 qız övladı yadigar qalıb. Kiçik övladı Nurayın artıq 1 yaşı tamam oldu. Emin Vətəni uğrunda savaşmağa gedərkən Nuray  hələ yenicə doğulduğundan atası onun üzünü belə görməmişdi. Eminin anası və yoldaşı qeyd ediblər ki, Nurayın yaşı çox az olsa da şəhid atasını  hər zaman şəkillərdə gördükdə tanıyır, gülümsüyür və onu səsləyir. Balaca olmalarına baxmayaraq hər iki övladı atalarının böyük bir qəhrəman olduğunu anlayırlar və gələcəkdə də atalarının adlarını qürurla anacaqlar.
Qeyd edək ki, Fərzəlizadə Emin Fərman oğlu 1995-ci ildə Beyləqan rayonunun Yeni-Mil qəsəbəsində anadan olub. Kiçik yaşlarında hər kəsin sevimlisi olan , Vətən və millətinə bağlı olan Emin məktəbi bitirdikdən sonra hərbi xidmətə başlayıb. Hərbçi olmağı, vətənə, xalqa xidmət etməyi özünə hər daim şərəf bilən Emin elə həmin il sənədlərini müddətdən artıq xidmət üçün Milli Orduya təqdim etdi. Nizam və intizami ilə xüsusilə seçilən Emin 3 il hərbi post rəhbəri olub.
Vətən Müharibəsi zamanı döyüşlərə ürəklə atılıb, Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının, Xocavəndin və Şuşanın işğaldan azad edilməsi uğrunda vuruşub, düşmənin canlı qüvvəsini və texnikasının məhv edilməsində, döyüş yoldaşlarının, yaralıların xilas edilməsində əsl şücaət və qəhrəmanlıq göstərib. Eminin şərəfli döyüş yolu Şuşaya qədər uzandı. Fərzəlizadə Emin elə Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra təltif edilən Emin Fərzəlizadə  uğrunda şəhidliyə yüksəldiyi mübarizədən düz 7 medalla ayrılıb. Qəhrəman şəhidimizin qızı Nuraya atasının şərəfli adını hər daim uca tutan bir övlad olmasını və sağlam böyüməsini arzu edirik!

Keçidlər