Beyləqan rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
7 aprel 2014-cü il tarixdə Beyləqan rayon İcra hakimiyyətinin iclas zalında Beyləqan rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.Yığıncaqda Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, rayonun şəhər, qəsəbə və kənd ərazi icra nümayəndələrinin sədrləri, bələdiyyə sədrləri, mətbuat işçiləri iştirak etmişlər.
Yığıncağı Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev açaraq Beyləqan rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir.
Vaqif Abdullayev bildirmişdir ki, Dövlət Proqramında sosial-iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq Beyləqan rayonunda kənd təsərrüfatı və sənayenin inkişafı, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması, aqrar sektorun meliorasiya-irriqasiya və digər infrastrukturun təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və yenilənməsi kimi vacib olan mühüm tədbirlər nəzərdə tutulmuşdur.