Anım Günü ərəfəsində şəhidlərin məzarları ziyarət olunub
23 sentyabr 2026 | 19:17
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadə olunduğu xüsusi gündür. Hər il bu tarixdə ölkəmizin bütün bölgələrində şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilir, onların keçdiyi şərəfli döyüş yolu və göstərdikləri qəhrəmanlıq nümunələri xatırlanır.
Anım Günü ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Elşad Əzimov, DTX-nin rayon şöbəsinin rəisi Vidadi Qurbanov RİH başçısı aparatının əməkdaşları ilə birlikdə Kəbirli və Yuxarı Kəbirli kəndlərində, eləcə də Örənqala qəsəbəsində şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, onların əziz xatirəsi ehtiramla yad edilib. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların şərəfli ömür yolu gələcək nəsillər üçün daim örnək olacaq.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarının ziyarəti davam etdirilir.







