Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatı şəhidi Həmid Həmidlinin xatirəsi ehtiramla yad edildi.

28 iyul 2025 | 12:50
2023-cü ilin sentyabrında ölkəmizin suverenliyi uğrunda həyata keçirilən antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Həmid Həmidlinin xatirəsinə həsr olunmuş tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə müdirləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Tədbirdə çıxış edən şəhid kapitan Həmid Həmidlinin valideynləri övladlarının döyüş yolundan, vətənpərvərliyindən, onun daim xalqına və dövlətinə sədaqətlə xidmət etdiyindən danışıb, qəhrəman şəhidimizin döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimiz bizim milli qürurumuz, qələbəmizin rəmzidirlər. O, bildirib ki, Vətən Müharibəsində əldə edilən Zəfər, eləcə də 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin beynəlxalq hüquqa əsaslanan suverenliyi tam şəkildə bərpa olunub və bu yolun öncülləri məhz belə igid Vətən oğullarıdır.
 
RİH başçısı çıxışında Həmid Həmidlinin Tovuz döyüşlərində, Vətən Müharibəsində və antiterror əməliyyatında göstərdiyi şücaətdən bəhs edərək onun çoxsaylı medallar və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmasının dövlətimizin qəhrəman övladlarına verdiyi yüksək dəyərin bariz nümunəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə şəhid ailələrinə göstərilən daimi diqqət və qayğı bu müqəddəs amal uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulduğunu sübut edir.
 
Sonda şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirərək, övladlarının xatirəsinin daim uca tutulmasının onlar üçün böyük mənəvi dayaq olduğunu vurğulayıblar.
Keçidlər