Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatları zamanı şəhid olan Həmid Həmidlinin doğum günü qeyd olundu.

28 iyul 2024 | 11:40
2023-cü ilin 19 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Həmid Həmidlinin bu gün cənnətdəki ilk doğum günüdür.
 
28 iyul 2024-cü il tarixdə keçirilən şəhidin doğum gününə həsr olunmuş tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının müavini Yeganə Məmmədova və aparatın şöbə müdirləri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Beyləqan Rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə şəhidimizin məzarı doğulub boya-başa çatdığı Milabad qəsəbəsində ziyarət olunub, ruhuna dualar oxunularaq əziz xatirəsi ehtiramla yad edilib.
 
Daha sonra Beyləqan şəhərində baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan olunub.
 
Şəhidin valideynləri Könül xanım və Əlisahib İsgəndərov çıxış edərək tədbir iştirakçılarını salamlamış, şəhid övladları Həmidlə olan xatirələrindən, onun necə vətənpərvər bir insan olduğundan bəhs edib, torpaqlarımızın azadlığının onun üçün ən böyük arzu olduğunu və şərəfli yolda heç vaxt geri çəkilmədiyini bildiriblər.
 
Rayon İcra Hakimiyyətinin başçısının müavini Yeganə Məmmədova çıxış edərək 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı hesabına cəmi 23 saat 43 dəqiqə ərzində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulduğunu və ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. RİH başçısının müavini bizə Qələbə sevincini yaşadan, vətənimizin müstəqilliyi və istiqlaliyyəti naminə canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğunu vurğulayaraq şəhid Həmid Həmidliyə Allahdan rəhmət diləyib, onu boya-başa çatdıran valideynlərinə Vətənə laiq övlad böyütdükləri üçün təşəkkür edib.
 
Anım tədbirində çıxış edənlər 28 yaşı tamam olan şəhid Həmidli Həmidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutulduğunu, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
 
Qeyd edək ki, həm Vətən Müharibəsində, həm də antiterror əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Həmid Həmidli “Azərbaycan Bayrağı” ordeni və "İgidliyə görə", "Şücaətə görə", “Vətən Müharibəsi İştirakçısı”, “Cəsur döyüşçü” medallarına laiq görülüb.
Keçidlər