Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib

29 aprel 2026 | 14:55
Aprelin 23-də Bakı şəhərində keçirilən qurultayda Ağsaqallar Şurasının İdarə Heyətinin üzvləri, görkəmli alimlər, ictimai-siyasi xadimlər, tanınmış ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, gənclər, eləcə də respublikanın 81 şəhər və rayon təşkilatının nümayəndələri, o cümlədən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da iştirak edib.
 
Əvvəlcə Şuranın sədri Eldar Quliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurultaya ünvanladığı təbrik məktubu səsləndirilib. Gündəliyin təsdiqindən sonra Şuranın son 5 ildə həyata keçirdiyi fəaliyyətə dair geniş hesabat təqdim olunub.
 
Qurultayda həmçinin çıxış edən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək ağsaqqallıq institutunun cəmiyyət həyatındakı rolundan geniş bəhs edib. O, qeyd edib ki, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ağsaqqalların fəaliyyəti bu gün daha da aktuallaşıb.
 
Çıxışda xüsusilə vurğulanıb ki, Rayon Ağsaqqallar Şurasının fəaliyyəti dövlət başçısının müəyyən etdiyi siyasi kursa uyğun şəkildə qurulur və Beyləqan Rayon İcra Hakimiyyəti ilə sıx, səmərəli əməkdaşlıq şəraitində həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən ağsaqqallara göstərilən diqqət və qayğı, onların ictimai proseslərdə fəal iştirakının təmin olunması, yerli qurumlarla birgə fəaliyyətin təşkili bu sahədə əldə olunan uğurların əsasını təşkil edir.
 
Etibar İmanov həmçinin bildirib ki, rayonun şəhər, qəsəbə və kəndlərini əhatə edən geniş ağsaqqallar şəbəkəsi formalaşdırılıb, cəmiyyətdə nüfuz sahibi olan şəxslər bu prosesə cəlb edilərək onların təcrübəsindən səmərəli istifadə olunur. Bu fəaliyyətlərin həyata keçirilməsində Beyləqan Rayon İcra Hakimiyyəti ilə qurulan sıx və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xüsusi rol oynayır. Məhz bu birgə fəaliyyət nəticəsində şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərilməsi, gənclərlə işin gücləndirilməsi, ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
 
Çıxışının sonunda Etibar İmanov Beyləqan ağsaqqallarının bundan sonra da dövlətçilik prinsiplərinə sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini vurğulayıb.
 
Etibar İmanovun məzmunlu və dolğun çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Çıxışda səsləndirilən fikirlər ağsaqqallar institutunun cəmiyyətdəki rolunun daha da gücləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və nəsillərarası mənəvi körpünün möhkəmləndirilməsi baxımından yüksək dəyərləndirilib.
Keçidlər