Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Bayrağı” ordeni Şəhid Həmid Həmidlinin ailə üzvlərinə təqdim olunub.

29 dekabr 2023 | 16:59
Sentyabrın 19-20-də Qarabağda keçirilən anti-terror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizdən Həmid Həmidli göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
 
29 Dekabr 2023-cü ildə Gənclər Mərkəzində tarixdə şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib, ordeni onun ailə üzvlərinə təqdim olunub.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı və aparatın əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi, şəhid Həmid Həmidlinin xidmət göstərdiyi Hərbi Hissənin komandiri və şəxsi heyəti, şəhidin ailə üzvləri, yaxınları, hərbçi yoldaşları, qazilər, müəssisə və idarə əməkdaşları iştirak edib.
 
Dövlət Himni ilə tədbir açıq elan olunub və Şəhid Həmid Həmidlinin və Azərbaycan xalqının suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
 
Şəhid Həmid Həmidlinin ailə və döyüş həyatını, döyüş xatirələrini özündə əksr etdirən videoçarxlar nümayiş olunmuş, şəhidin qısa amma şərəfli həyatı haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.
 
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbiri giriş nitqi ilə açaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini vurğulayaraq, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə uca tutulduğunu bildirib.
 
Hərbi Hissə komandirləri, qazilər, Milabad kənd tam orta məktəbin müəllimi çıxış edərək şəhid Həmid Həmidliylə olan xatirələrindən, onun necə vətənpərvər bir insan olduğundan danışaraq torpaqlarımızın azadlığının onun üçün ən böyük arzu olduğunu və şərəfli yolda heç vaxt geri çəkilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
 
Daha sonra şəhid Həmid Həmidlinin “Azərbaycan Bayrağı” ordeni ondan yadigar qalan övladına təqdim olunub.
 
Tədbirin sonunda şəhidin valideynləri Könül xanım və Əlisahib İsgəndərov çıxış edərək qəhrəman övladları ilə fəxr etdiklərini, torpaqlarımızın azad olunmasında göstərdiyi şüacətə görə onunla hər daim fəxr edəcəklərini deyiblər.
 
Qeyd edək ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Qələbəmizin qazanılmasında böyük payı olan igid oğullarımızdan biri də Həmidli Həmiddir. Həmidli Həmid Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı düşmənə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib əsl igidlik nümunəsinə çevrildi. Ömrünü, gününü və nəhayət canını torpağımızın, vətənimizin azadlığı uğrunda fəda edən, döyüşlərdə bir an belə geri çəkilməyən igidimiz İkinci Qarabağ Müharibəsindən qələbə ilə ayrıldı. Döyüşlərdə ağır yaralanmasına baxmayaraq sağalıb yenə vətənə olan borcunu ödəmək üçün hərb sahəsinə geri dönən qəhrəmanımız sentyabrın 19-20-də Qarabağda keçirilən anti-terror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucaldı.
 
O, dəfələrlə döyüş tapşırıqlarının yerinə yetirilməsində və xidmətdə fərqlənməsinə görə Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü”adı uğrunda keçirilən yarışlarda, Vətən müharibəsi dövründə göstərdiyi şücaətlərinə görə hərbi hissə komandirləri və baş qərargah rəisi tərəfindən dəfələrlə medal və Fəxri fərmanlarla tərtif edilib.
 
44 günlük müharibə zamanı isə Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasına görə medallarla təltif edilib. Həmçinin "İgidliyə görə", "Şücaətə görə", “Vətən Müharibəsi İştirakçısı” və “Cəsur döyüşçü” medallarına da layiq görülüb.
 
2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin ən yaxşı tank bölüyü komandiri seçilən baş leytenant Həmid Həmidli Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə idarə etdiyi tankla gecədən səhərədək düşmənin yüzlərlə canlı qüvvəsini, 1 hərbi yük maşınını, 1 tank və 1 PDMi məhv edib.
 
Düşmənin raket zərbəsi ilə vurduğu tankın içərisindən özünü və 3 yoldaşını sağ çıxarıb. Həmid həm də onlarla yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. Ağır yanıq xəsarətləri alsa da, sağalıb və yenidən hərbiyə yollanıb.
 
Həmid torpaqlarımızı işğaldan azad edildiyi, şəhidlərimizin qanı yerdə qalmadığı üçün çox sevinib demişdi:
“Bu elə bir yol idi ki, sonu hər bir halda yaxşı olacaqdı. Ya qalib gələcəkdik, ya qazi olacaqdıq, ya da şəhadət şərbətini içəcəkdik”.
Şəhid Həmid Həmidlinin timsalında bizə Qələbə sevincini yaşadan, vətənin müstəqilliyi və istiqlaliyyəti , xalqının rifahı uğrundan canından keçərək şəhidlik zirvəsinə çatan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik!
Keçidlər