Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

16 iyun 2022 | 15:05
  •      Qəbuldan öncə Mədəniyyət naziri Anar Kərimov və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, dahi rəhbərə ehtiram əlaməti olaraq abidənin önünə gül-çiçək dəstələri düzmüşlər. Nazir Anar Kərimov Beyləqan rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, ulu öndərin həyatının və dövlətçilik fəaliyyətinin fərqli dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Beyləqana səfərləri ilə bağlı fotolara baxış keçirib. Nazirə məlumat verilib ki, ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə rəsm studiyası, internet otağı, xarici dil kursu, həmçinin akt, konfrans və ekspozisiya zalları mövcuddur.
  •      Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan sakinlərin müraciətləri əsasən işlə təmin olunma, kitabxana sahəsində fəaliyyətin təkmilləşdirilməsi, kitab nəşrinə köməklik göstərilməsi, iş yerinin dəyişdirilməsi və digər məsələləri əhatə edib. Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.
  •       Nazir Anar Kərimov Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə birlikdə Beyləqan şəhidlərinin uyuduğu məzarlığı ziyarət etmiş, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğulların xatirəsinə ehtiramla yad etmişdir. Sonra həmin ərazidəki yerli əhəmiyyətli tarixi abidə – Cərcis peyğəmbər ziyarətgahına (XVI əsr) baş çəkilmişdir.
  •      Anar Kərimov Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbində Mədəniyyət Nazirliyinin vəsaiti hesabına aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur. Nazir işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi barədə müvafiq tapşırıq və tövsiyələrini verib.
  •      Mədəniyyət naziri 2019-cu ildə əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinə də baxış keçirib. Bildirilib ki, 1981-ci ildə yaradılan muzeydə 6139 eksponat mühafizə edilir. Həm ölkəmizin, həm də Beyləqanın tarixini əks etdirən eksponatların toplandığı muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, konfrans zalı, dəyirmi masa zalı və bir texniki otaq mövcuddur.
  •      Səfər çərçivəsində Anar Kərimov əsası 1946-cı ildə qoyulan və 400 min nüsxəyə yaxın kitab fondu olan Beyləqan rayon Mərkəzi Kitabxanasına, 1939-cu ildə Beyləqan şəhərində əvvəlcə klub kimi yaradılan və 2015-ci ildən mədəniyyət mərkəzi olaraq fəaliyyətini davam etdirən Beyləqan rayon Mədəniyyət Mərkəzinə də baxış keçirib, müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat almışdır.
Keçidlər