Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun anım günü qeyd olunub
12 avqust 2026 | 13:47
Beyləqanda Azərbaycanın Milli Qəhrəmanı Akif Abbas oğlu Əkbərovun şəhadətə yüksəlməsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
12 avqust 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, RİH-in məsul əməkdaşları, Rayon Polis Şöbəsinin əməkdaşları Milli Qəhrəman Akif Əkbərovun Beyləqan yerləşən büstünü ziyarət edib, Milli Qəhrəmanın əziz xatirəsi ehtiramla yad ediblər.
Qeyd edək ki, Akif Əkbərov 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1969-cu ildə Beyləqan şəhər 1 nömrəli orta məktəbini bitirib, 1970-ci ildə hərbi xidmətə yollanıb. 1972-ci ildə hərbi xidmətdən tərxis olunan Akif Əkbərov 1974-cü ildən Beyləqan Rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi fəaliyyətə başlayıb. Sonuncu iş yeri həmin şöbənin Dövlət Avtomobil Müfəttişliyi bölməsi olub. Polis baş çavuşu Akif Əkbərov burada yol-patrul xidməti müfəttişi vəzifəsində çalışıb.
1991-ci il avqustun 5-də Beyləqan Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun “Sarı yer” yaylağında mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə əraziyə ezam olunub. Akif Əkbərov da həmin qrupun tərkibində olub.
1992-ci il avqustun 12-də erməni silahlı birləşmələri Cermuq istiqamətindən “Sarı yer” yaylağına hücum edib. Təxminən 6 saat davam edən döyüş zamanı Akif Əkbərov göstərdiyi şücaət və igidliklə xüsusilə fərqlənib. Döyüşdə düşmənin xeyli canlı qüvvəsi məhv edilib. Lakin Akif Əkbərov düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.
Akif Əkbərov 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli fərmanla ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Milli Qəhrəman Beyləqan rayonunda dəfn edilib. Rayon ərazisində onun xatirəsinə büst ucaldılıb, küçələrdən birinə adı verilib.
Allah rəhmət eləsin!







