Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Əkbərov Akif Abbas oğlunun anım günü qeyd olunub.

12 avqust 2024 | 14:30
12 avqust 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şöbə müdirləri, şəhidin ailə üzvləri,qazilər və veteranlar şəhid Milli Qəhrəman Akif Əkbərovun şəhadətə yüksəlməsinin 32-ci ildönümü münasibətilə Beyləqan şəhəri ərazisində yerləşən büstünü ziyarət edərək büstün önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Şəhid Akif Əkbərov 2 fevral 1952-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirib, 1970-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına yollanıb. 1972-ci ildə ordudan tərxis olunur. O, 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin Dövlət Avtomobil Müfəttişliyi bölməsi olur. Polis Baş Çavuşu Akif Əkbərov həmin bölmədə Yol-Patrul Xidməti müfəttişi vəzifəsində işləyirdi. 1991-ci ilin 5 avqust tarixində Beyləqan rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun "Sarı yer" yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Polislərin arasında Akif Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlara qəfil basqınlar etdiyindən, polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.
12 avqust tarixində ermənilər Cermuq şəhəri tərəfdən "Sarı yer" yaylağına hücuma keçirlər. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir və Akif Əkbərov qəhrəmancasına həlak olur.
Akif Əkbərov Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Beyləqan rayonunda dəfn edilərək, büstü qoyulmuşdur. Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.
Allah rəhmət etsin!
Keçidlər