“Beyləqan gənclərinə Ulu Öndər Heydər Əliyevin dövlətçilik mirası” simpoziumu keçirilib.
02 fevral 2023 | 11:36
2 fevral 2023-cü il tarixdə Heydər Əliyev mərkəzində Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibəti ilə simpozium baş tutub.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları, Qeyri-Hökumət Təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir Heydər Əliyevin gənclər yönümlü siyasəti və fəaliyyətini əks etdirən videoçarxla başlayıb.
Rayonun müxtəlif məktəblərinin şagirdləri münsiflər qarşısında çıxış edərək məqalələrini təqdim edib və münsiflərin rəyi əsasında “Ən yaxşı natiq və ən yaxşı məqalə müəllifi” nominasiyaları üzrə qaliblər müəyyənləşdirilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov çıxış edərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Günü ilə bağlı təbrikini tədbir iştirakçılarına çatdırıb, Gənclər Gününün təsis edilməsinin əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə qayğısı barədə ətraflı bəhs edib.
Sonda müsabiqənin qalibləri və bir qrup gənc, o cümlədən Rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Fərman, Diplom və Təşəkkürnamə ilə mükafatlandırılıb.
Tədbirin sonunda Beyləqanlı gənclərin rəsm və əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olunub, rayon musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında musiqili tədbir baş tutub.