Beyləqan Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
23 sentyabr 2026 | 15:27
23 sentyabr 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında Beyləqan Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, şuranın yeni seçilmiş idarə heyətinin 20 üzvü və digər rəsmilər iştirak ediblər.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yeni seçilmiş idarə heyəti üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri çıxışında ağsaqqalların cəmiyyət həyatında mühüm rolundan, onların zəngin həyat təcrübəsi və müdrik tövsiyələrinin ictimai münasibətlərin sağlam əsaslar üzərində qurulmasındakı əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində ağsaqqallara daim xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, Beyləqan Rayon Ağsaqqallar Şurasının fəaliyyəti rayonun ictimai həyatında fəal iştirakın təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin düzgün istiqamətləndirilməsi baxımından əhəmiyyətlidir. Əziz Əzizov şuranın üzvlərinin öz təcrübə və tövsiyələri ilə rayonun ictimai həyatına bundan sonra da töhfə verəcəklərinə əminliyini ifadə edib.
Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq bunun onların ictimai fəaliyyətinə böyük stimul verdiyini bildirib. O, şuranın rayon ərazisində fəaliyyəti, görülən işlər, eləcə də yeni seçilmiş idarə heyətinin üzvləri barədə məlumat verib. Etibar İmanov Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şuranın fəaliyyətinə göstərilən diqqət və dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq rayon rəhbərliyinə qarşılıqlı əməkdaşlıq və mənəvi dəstəyə görə təşəkkür edib.
Şuranın yeni seçilmiş idarə heyətinin üzvləri və digər natiqlər çıxış edərək ağsaqqalların ictimai həyatdakı fəallığından, şuranın qarşıdakı dövrdə fəaliyyət istiqamətlərindən, rayonun ictimai həyatında ağsaqqalların təcrübəsindən daha səmərəli istifadə olunmasının vacibliyindən danışıblar.
Sonda Ağsaqqallar Şurasının yeni seçilmiş idarə heyətinin üzvlərinə üzvlük vəsiqələri təqdim olunub. Daha sonra konfrans iştirakçıları ilə xatirə şəkli çəkdirilib.







