Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib

16 iyul 2026 | 12:27
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.2-ci bəndindən irəli gələn vəzifələrin icrası istiqamətində 16 iyul 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir.
 
İclasda Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, İctimai Şuranın sədri Etibar İmanov və şura üzvləri iştirak etmişlər.
 
Tədbirdə çıxış edən İctimai Şuranın sədri Etibar İmanov dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, İctimai Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. Məruzədə cari ildə həyata keçiriləcək tədbirlər və növbəti dövr üçün prioritet istiqamətlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
 
Müzakirələr zamanı ictimai iştirakçılığın daha da genişləndirilməsi məqsədilə rayonun ayrı-ayrı dövlət orqanlarında, habelə Beyləqan RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələrin iştirakı ilə kənd və qəsəbələrdə ictimai dinləmələrin keçirilməsi, əhali ilə birbaşa ünsiyyətin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi təklif olunmuşdur. Qeyd edilmişdir ki, belə görüşlər və ictimai müzakirələr vətəndaşların rəy və təkliflərinin öyrənilməsinə, mövcud problemlərin operativ müəyyənləşdirilməsinə və onların həlli istiqamətində daha səmərəli fəaliyyətin təşkilinə mühüm töhfə verəcəkdir.
 
İclas zamanı İctimai Şuranın üzvlərinin təklif və tövsiyələri dinlənilmiş, onların ictimai iştirakçılığın genişləndirilməsi və dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması ilə bağlı fikir və təşəbbüsləri müzakirə edilmişdir.
 
Sonda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmiş, qarşıdakı dövrdə İctimai Şuranın fəaliyyətinin daha da gücləndirilməsi, ictimai nəzarət mexanizmlərinin geniş tətbiqi və vətəndaşlarla dövlət orqanları arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi qərara alınmışdır.
Keçidlər