Beyləqan Rayon İcra Hakimiyyətində aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası müzakirə olunub
16 iyul 2026 | 14:47
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətində geniş tərkibdə tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, “EDEN Agro” MMC,“Qarabağ Toxum” MMC, “AzərAgro” MMC, “Azərpambıq ASK” MMC, “Prime Cotton” MMC və aqrar sahədə fəaliyyət göstərən digər müəssisələrin nümayəndələri, rayon üzrə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr, iri fermer təsərrüfatlarının rəhbərləri, sahibkarlar və aidiyyəti şəxslər iştirak ediblər.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkədə aqrar sahənin inkişafının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, Dövlət Proqramının mahiyyəti, əsas məqsədləri və kənd təsərrüfatı istehsalatının hədəf göstəriciləri barədə ətraflı məlumat verib. Bildirilib ki, proqram aqrar sahənin dayanıqlığının və rəqabət qabiliyyətinin artırılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, daxili istehsal potensialının genişləndirilməsi, məhsuldarlığın və ixracyönümlü, əlavə dəyər yaradan istehsalın təşviqi, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının səmərəliliyinin yüksəldilməsi kimi mühüm hədəfləri özündə ehtiva edir. Rayon rəhbəri qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, Dövlət Proqramından irəli gələn tapşırıqların əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, fermerlərin fəaliyyətinə hərtərəfli dəstəyin göstərilməsi və aqrar sahədə mövcud potensialdan daha səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonra çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndəsi Elman Süleymanov rayon icra hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Dövlət Proqramının icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Qərargahın fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, qərargahın əsas məqsədi proqramdan irəli gələn tədbirlərin icrasını əlaqələndirmək, aidiyyəti qurumlarla əməkdaşlığı gücləndirmək, aqrar sahədə mövcud vəziyyəti təhlil etmək, statistik göstəriciləri qiymətləndirmək, fermerlərin müraciətlərini operativ araşdırmaq, aqrotexniki tədbirlərin düzgün təşkilinə, istehsal olunan məhsulların satış və logistika imkanlarının genişləndirilməsinə, mövcud problemlərin vaxtında müəyyən edilərək həllinə dəstək göstərməkdən ibarətdir.
Tədbirdə çıxış edən “Qarabağ Toxum” MMC-nin direktoru Rəcəb Orucov, Beyləqan DAİM-in direktoru Xaliq Məmmədov, “Azərpambıq ASK” MMC-nin nümayəndəsi Fazil Hacıyev, “EDEN Agro” MMC-nin nümayəndəsi Pərviz Səmədov və digər iştirakçılar Dövlət Proqramının aqrar sektorun inkişafına mühüm töhfə verəcəyini qeyd edərək, yüksək reproduksiyalı toxumçuluğun genişləndirilməsi, müasir əkinçilik texnologiyalarının tətbiqi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, fermerlərlə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal və emal zəncirinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüblər. Tədbir işgüzar müzakirələrlə davam etdirilib, sahibkarların və fermerlərin iştirakı ilə aqrar sahədə mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı səsləndirilən təkliflər və qaldırılan məsələlər təhlil edilərək aidiyyəti üzrə icrası üçün qeydə alınıb.







