Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətində rəqəmsallaşma məsələlərinə dair müşavirə keçirilib

13 oktyabr 2026 | 09:17
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli, 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın və “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin müvafiq müddəalarının icrası ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
 
Müşavirənin giriş hissəsində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək rəqəmsal inkişafın dövlət idarəçiliyində əhəmiyyətindən, müasir texnologiyaların tətbiqinin genişləndirilməsindən və elektron xidmətlərin əlçatanlığının artırılmasının vacibliyindən danışıb. O, vətəndaş müraciətlərinə baxılması prosesinin təkmilləşdirilməsi, rəqəmsal xidmətlərdən istifadənin təşviqi və qarşıya qoyulan vəzifələrin vaxtında icrasının əhəmiyyətini vurğulayıb.
 
Daha sonra Beyləqan Rayon İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Rəşid Əbilov təqdimatla çıxış edib. Təqdimatda “mygov” platformasının dövlət qurumları ilə vətəndaşlar arasında elektron məlumat mübadiləsinin təmin edilməsində rolu, rəqəmsal sənədlərdən istifadə imkanları və elektron xidmətlərin tətbiqi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
 
Müşavirədə Beyləqan Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Tural Hacızadə də çıxış edərək “mygov” tətbiqinin funksiyaları, istifadəçilərin platformada qeydiyyat prosesi və tətbiqdən istifadə qaydaları barədə məlumat verib. Vətəndaşlara qeydiyyat zamanı zəruri köməkliyin göstərilməsi, platformanın imkanları haqqında əhalinin məlumatlandırılması və istifadəçilərin sayının artırılması istiqamətində maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.
 
Sonda aidiyyəti üzrə məsul şəxslərə rəqəmsal xidmətlərdən istifadənin təşviqi, vətəndaşlara “mygov” tətbiqinin imkanları, qeydiyyat qaydaları və elektron xidmətlərdən yararlanma imkanları barədə ətraflı məlumat verilməsi ilə bağlı tapşırıqlar verilib. Eyni zamanda, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi, Yol Xəritəsində müəyyən edilmiş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, habelə Beyləqan rayonunda rəqəmsal xidmətlərin əlçatanlığının artırılması istiqamətində işlərin sistemli şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Keçidlər