Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bu gün Şəhid Vəliyev Fərid Güloğlan oğlunun ildönümü məclisində iştirak edib.
12 noyabr 2024 | 14:35
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə Əhmədli kəndində şəhid Vəliyev Fəridin ata ocağında keçirilən ildönümü məclisində iştirak edib.
Anım günündə şəhidin xatirəsi hörmət və ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi igidliklər və vətənpərvərliyi vurğulanıb. Beyləqan RİH başçısı Əziz Əzizov Fəridin və onun kimi digər oğullarımızın vətənpərvərliyinin və mübarizliyinin gələcək nəsillər üçün örnək olaraq yaddaşlarda qalacağını qeyd edib.
Şəgid Fərid Güloğlan oğlu Vəliyev 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Əhmədli kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Vəliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!