Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bu gün Vətən müharibəsi şəhidi Bəyişli Elgün Teyuf oğlunun ildönümü məclisində iştirak edib.
15 noyabr 2024 | 15:00
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə Təzəkənd kəndində şəhid Bəyişli Elgünün ata ocağında keçirilən ildönümü məclisində iştirak edib.
Anım günündə şəhidin xatirəsi hörmət və ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi igidliklər və vətənpərvərliyi vurğulanıb.
Beyləqan RİH başçısı Əziz Əzizov Elgünün və onun kimi digər oğullarımızın vətənpərvərliyinin və mübarizliyinin gələcək nəsillər üçün örnək olaraq yaddaşlarda qalacağını qeyd edib.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Elgün Bəyişli 6 mart 1996-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Elgün Bəyişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Suqovuşanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Bəyişli 10 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elgün Bəyişli ölümündən sonra "Vətən uğrunda",
"Qubadlının azad olunmasına görə", "İgidliyə görə","Füzulinin azad olunmasına görə" ,"Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
Ruhu şad olsun!!