Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Milabad qəsəbəsində növbəti səyyar vətəndaş qəbulu keçirib.
19 may 2026 | 18:49
Səyyar qəbulda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ilə birgə Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların məsul nümayəndələri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulu giriş nitqi ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşılmasının, sakinlərlə yerlərdə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və vətəndaşların problemlərinin həlli istiqamətində ardıcıl işlər həyata keçirilir.
Qəbul zamanı Milabad qəsəbə sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər araşdırılıb. Səsləndirilən müraciətlərin bir qismi yerində həllini tapıb, digər məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verilib, sakinlərə ətraflı izahatlar təqdim olunub.
Qəsəbə sakinləri vətəndaş müraciətlərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







