Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “MKT İstehsalat Kommersiya" MMC-nin Beyləqan filalında görülən hazırlıq işlərinin gedişatı ilə tanış olub.
30 sentyabr 2024 | 11:53
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və RİH-in şöbə müdirləri ilə birgə pambıq yığımı ərəfəsində rayon ərazisində fəaliyyət göstərən daha bir pambıq müəssisəsi-“MKT İK” MMC-nin Beyləqan rayon filalında olub, mövcud vəziyyətlə tanış olub.
Filialın rəhbəri Rüfət Yarıyev müəssisənin fəaliyyəti barədə məlumat verərək bildirib ki, məhsul yığımı mövsümünə hazırlıq çərçivəsində yığım prosesinin fasiləsiz və səmərəli şəkildə aparılmasını təmin etmək məqsədilə filialda aqronomlar və filial müdirinin iştirakı ilə texnikalara baxış və təmir tədbirləri həyata keçirilib. Məhsul yığımı öncəsi kombaynların və digər texnikaların saz vəziyyətə gətirilməsi yaxından izlənilib və lazımi təmir işləri yerindəcə aparılıb.
Bildirilib ki, “MKT İK” MMC-nin Beyləqan filialı bu il 4068 ha sahədə 768 nəfər fermerlə pambıq alqı-satqısına dair müqavilə bağlamışdır. Hal-hazırda işçi sayı 204 nəfərdir, mövsüm zamanı fəaliyyətin düzgün təşkili üçün 350 nəfər işçi çalışır. Müəssisə 32 sentner məhsul götürməyi planlaşdırır, 15 kombayn, 43 daşıyıcı traktor yığım prosesini həyata keçirməyə cəlb olunacaq.
Müəssisənin fəaliyyəti ilə yaxından tanış olan RİH başçısı Əziz Əzizov Beyləqan rayonunun pambıqçılıq sahəsində böyük uğura sahib olmasının bir ənənə olduğunu diqqətə çatdıraraq, bu il məhsuldarlığın yüksək səviyyədə olması üçün bütün lazımi tədbirlərin həyata keçirilməsinin vacib olduğunu bildirib.
Rayon rəhbəri zavodun fəaliyyəti, gələcək planları ilə bağlı, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılması üçün öz tapşırıq və tövsiyələrini verib.