Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanovu doğum günü münasibətilə təbrik edib.
20 may 2026 | 14:37
Əziz Əzizov rayonumuzun dəyərli ziyalısı Etibar İmanova möhkəm can sağlığı, uzun ömür və bundan sonrakı ictimai fəaliyyətində uğurlar arzulayıb, onun rayonun ictimai həyatında ağsaqqal sözü, zəngin həyat təcrübəsi və ziyalı mövqeyi ilə seçilən nüfuzlu şəxslərdən biri olduğunu bildirib.
Etibar İmanov ona göstərilən diqqət və yüksək ehtirama görə minnətdarlığını ifadə edib, ölkəmizdə ağsaqqallara, ziyalılara və milli-mənəvi dəyərlərin daşıyıcılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Eyni zamanda, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ziyalılarına və ağsaqqallarına göstərilən diqqət və ehtiramı yüksək qiymətləndirərək minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Etibar İmanov dövrünün ən yüksək mükafatlarından biri olan “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüş Rəşid İmanovun ailəsində anadan olub. O, müxtəlif dövrlərdə təhsil sahəsində direktor kimi fəaliyyət göstərib, eyni zamanda 1969-cu ildən etibarən Heydər Əliyev ideyalarının təbliği, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin təşviqi istiqamətində ardıcıl fəaliyyət göstərib.
İctimai-siyasi fəallığı və səmərəli fəaliyyəti nəticəsində Beyləqan rayon partiya komitəsinin ideologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2010-cu ildə “Tərəqqi” medalı və 2023-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunub.
Etibar İmanov uzun illərdir ki, ağsaqqallıq missiyasını uğurla həyata keçirir, rayonun təhsilinin və mədəniyyətinin inkişafına, keyfiyyətcə yüksəlməsinə özünəməxsus töhfələr verib. Hazırda da Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətini uğurla davam etdirir.







