Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun ictimaiyyət nümayəndələri ilə görüş keçirib.
18 iyul 2024 | 15:51
18 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Əziz Əzizovun şəhər Mədəniyyət Mərkəzində rayon ziyalıları, idarə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, sahibkarlar, Qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələrindən ibarət 400 nəfərlik geniş tərkibdə ilk görüşü olub.
Əvvəlcə Xalqımızın ulu Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü Beyləqan rayon sakinlərini salamlamaqla açan Əziz Əzizov özünün həyat yolu, fəaliyyəti ilə tədbir iştirakçılarını tanış edib.
Əziz Əzizov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyəti, işğaldan azad olunmuş torpaqlarımızda aparılan irimiqyaslı bərpa-quruculuq prosesi, regionların sosial-iqtisadi inkişafı naminə dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar və çoxşaxəli işlər haqqında tədbir iştirakçılarına məlumat vermiş, Beyləqan rayonunun inkişafı və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrdən danışmışdır.
Beyləqan rayon Prokuroru Ramazan Hadıyev, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov, şəhid ailələri Qərib Təhməzov, Rafiq Quliyev və Kəmalə Abbasova, Birinci Qarabağ müharibəsi qazisi Mahir Həsənov, Vətən Müharibəsi qaziləri Orxan Həsənov və Asim Əliyev, Yuxarı Kəbirli kənd tam orta məktəbinin məzunu Fidan Qasımova çıxış edərək ölkədəki əmin-amanlıq, quruculuq işlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova iş fəaliyyətində uğurlar arzulayıblar.