Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid anasının yas mərasimində iştirak edib
11 iyun 2025 | 14:57
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Birinci Qarabağ Müharibəsi şəhidi Nəzərov Yavər Dostalı oğlunun vəfat etmiş anasının yas mərasimində iştirak edib.
Əhmədli kəndində keçirilən yas mərasimində hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının şöbə müdirləri, kənd ictimaiyyəti və mərhumənin yaxınları da iştirak ediblər.
Əziz Əzizov şəhidin ailə üzvləri ilə görüşərək onlara dərin hüznlə başsağlığı verib, Vətənin azadlığı uğrunda canından keçmiş igid övlad böyütmüş bir ananın xatirəsinin daim ehtiramla yad ediləcəyini bildirib. RİH başçısı şəhid ailələrinin hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində olduğunu vurğulayaraq, ailənin mövcud problem və qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Nəzərov Yavər Dostalı oğlu 1974-cü ildə Beyləqan rayonunun Əhmədli kəndində anadan olub. 1993-cü ilin may ayında hərbi xidmətə çağırılıb və Milli Ordunun tərkibində Füzuli cəbhəsində döyüş yoluna başlayıb. Füzuli rayonunun bir sıra kəndlərinin azad olunmasında şücaətlə iştirak edib. Döyüş zamanı aldığı ağır yaralar nəticəsində qəhrəmancasına şəhid olub.







