Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Tatalılar kəndində vətəndaşları qəbul edib.
03 sentyabr 2024 | 10:28
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq sentyabrın 3-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Tatalılar kənd sakinləri ilə səyyar görüş keçirib.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri və şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Əziz Əzizov sakinləri salamlayaraq yerlərdə keçirilən səyyar görüşlərin məqsədinin vətəndaşların qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin qanunamüvafiq qaydada həllinə nail olunması ilə əlaqədar olduğunu bildirib. RİH başçısı daha sonra sakinlərdən onları narahat edən məsələlərlə bağlı çıxış etmələrini xahiş edib.
Qəbul zamanı vətəndaşlar su təminatının yaxşılaşdırılması, kənd məktəbinin təmir olunması, məşğulluq və torpaq məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar.
Qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub, digər müraciətlər nəzarətə götürülməklə həlli ilə əlaqədar RİH başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Tatalılar kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.