Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsinin yas mərasimində iştirak edib.
24 iyul 2025 | 12:31
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən Müharibəsi şəhidi Əsədov Turalın bu yaxınlarda vəfat etmiş anasının yas mərasimində iştirak edib. Mərasimdə həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Rayon rəhbəri şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək onların kədərinə şərik olduğunu bildirib. Qeyd olunub ki, şəhidlik zirvəsi Vətənə sədaqətin və qəhrəmanlığın ən ali nümunəsidir. Şəhidlərimizin ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, onların sosial və mənəvi ehtiyacları hər zaman ön planda saxlanılır. Belə həssas və ağır günlərdə şəhid ailələrinin yanında olmaq, onlara mənəvi dəstək göstərmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri göstərilən mənəvi dəstəyə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər, eyni zamanda Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və mərasimdə iştirak edən bütün qurum nümayəndələrinə təşəkkürlərini bildiriblər.







