Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı şəhid atası Süleymanov Allahverdinin yas mərasimində iştirak edib
20 iyun 2025 | 12:17
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Birinci Qarabağ Müharibəsi şəhidi Süleymanov Sədi Allahverdi oğlunun atasının vəfatı ilə əlaqədar Əlinəzərli kəndində keçirilən yas mərasimində iştirak edib.
Mərasimdə həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları da iştirak ediblər.
Rayon rəhbəri mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, şəhidin ailəsinə və yaxınlarına səbir arzulayıb. Şəhid ailəsi üzvlərinin yaşayış şəraiti, gündəlik qayğı və ehtiyacları ilə maraqlanan RİH başçısı qeyd edib ki, ölkə rəhbərliyinin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həlli və qayğı ilə əhatə olunması daim diqqət mərkəzində saxlanılır.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Süleymanov Sədi Allahverdi oğlu 1970-ci ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. O, Birinci Qarabağ Müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 1995-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb.







