Beyləqan rayonu Bünyadlı kəndində şəhid Quluzadə Vəfadar Fəqan oğlunun mövlud günü qeyd olunub.
19 avqust 2024 | 10:36
19 avqust 2024-cü il tarixdə Vətən müharibəsi şəhidi Quluzadə Vəfadar Fəqan oğlunun doğum günü Bünyadlı kəndində şəhidin məzarı yanında qeyd olunub. Şəhidin mövludu tədbirində Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, DTX-in rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev, Beyləqan RİH-in məsul şəxsləri, şəhidin valideynləri, şahid anaları, qazilər, veteranlar və kənd sakinləri iştirak ediblər.
Şəhidin məzarına tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub, keçdiyi şərəfli həyat yolundan bəhs olunub.
Şəhid Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət etmişdir. 1 il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətin davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Vəfadar Quluzadə ölümündən sonra "Vətən uğrunda" , "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə"medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!