Beyləqan rayonu Təzəkənd kəndində şəhid Abbasov Vüsal Telman oğlunun mövlud günü qeyd olunub.
12 avqust 2024 | 14:35
12 avqust 2024-cü il tarixdə Vətən müharibəsi şəhidi Abbasov Vüsal Telman oğlunun doğum günü Təzəkənd kəndində şəhidin məzarı yanında qeyd olunub. Anım günündə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, şöbə müdirləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid məzarlarına tər gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Şəhid Vüsal Abbasov 12 avqust 1983-cü ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Abbasov 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Vüsal Abbasov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" , "İgidliyə görə" , "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!