Beyləqan rayonu Yuxarı Çəmənli kəndində səyyar qəbul keçirilib
27 yanvar 2026 | 17:37
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizəzov Beyləqan rayonunun Yuxarı Çəmənli kəndində kənd sakinləri ilə səyyar qəbul keçirib.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək 2025-ci ildə rayon üzrə həyata keçirilmiş sosial-iqtisadi inkişaf tədbirləri, görülmüş işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib, eyni zamanda 2026-cı ildə qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb. Qəbulun əsas məqsədinin vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və mövcud problemlərin operativ həlli olduğu vurğulanıb.
Ardınca kənd sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən sosial, infrastruktur, məşğulluq və digər aktual sahələri əhatə edib. Müraciətlərin bir qismi yerindəcə müvafiq izahlarla təmin olunub, qanunvericiliyə uyğun icra tədbirləri müəyyən edilib, həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti üzrə tapşırıqlar verilib.
Səyyar qəbulun sonunda kənd sakinləri ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinə, regionların inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.







