Beyləqan rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu.
05 oktyabr 2023 | 14:11
05 oktyabr 2023-cü il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Təhsil idarəsinin Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov, təşkilatın nümayəndələri, məktəbəqədər təhsil müəssisələrinin müəllimləri, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
Tədbirdən öncə tədbir iştirakçıları Beyləqan şəhərinin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, onun xatirəsinə ehtiram əlaməti olaraq abidəsinin önünə gül-çiçək dəstələri düzüblər.
Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və ötən təhsil ili müddətində dünyadan köçən müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və bununla da tədbir açıq elan olunub.
Giriş nitqi ilə çıxış edən Mil-Muğan Regional Təhsil idarəsinin Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, müəllimlərin sosial problemlərinin həllindən, yeni təhsil ocaqlarının tikintisindən geniş şəkildə bəhs etmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək, müəllimlər gününün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməyin vacib olduğunu vurğulamışdır, o həmçinin müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, onlara uzun ömür, can sağlığı və pedaqoji fəaliyyətlərində uğurlar diləyib.
Qazi müəllim Orxan Səfərov də daxil olmaqla çıxış edən digər müəllimlər Azərbaycanda olan təhsil ocaqlarının dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmədiyini, hətta onları üstələdiyini, bu prosesin paytaxtla yanaşı, bütün bölgələri əhatə etdiyini vurğulamışdırlar.
Sonda isə təhsil sahəsində səmərəli fəaliyyətinə görə seçilən müəllimlərə fəxri fərmanlar təqdim olunub.