Beyləqan rayonunda FHN işçilərinin peşə bayramı qeyd edilib
16 dekabr 2024 | 13:17
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, FHN-in Beyləqan DYMH-nin rəisi Ramin Əliyev və kollektivi Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmətlə yad ediblər.
RİH-nin akt zalında davam edən tədbirdə icra başçısı Əziz Əzizov əvvəlcə 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin strukturunda çalışan bütün işçiləri təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində fəaliyyət göstərdiyi müddət ərzində nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb, nailiyyətlər əldə edib.
Rayon rəhbəri bildirib ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir.
FHN-in Beyləqan DYMH-nin rəisi Ramin Əliyev göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya kollektiv adından dərin minnətdarlıq bildirib.
Sonda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarında çalışan bir qrup əməkdaş Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.