Beyləqan rayonunda “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
07 aprel 2023 | 19:03
Rayon Gənclər Evində baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı aparatının Hüquq şöbəsinin müdiri Azər Quliyev, Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Rayon Gənclər İdman İdarəsinin nümayəndəsi Bakir Həsənov, “Şəfa” Sosial-Psixoloji ictimai birliyinin sədri Xəlil Süleymanov, ümumtəhsil müəssisələrinin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
İlk öncə Dövlət Himni səslənirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının Hüquq şöbəsinin müdiri Azər Quliyev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Rayon Gənclər İdman İdarəsinin nümayəndəsi Bakir Həsənov, “Şəfa” Sosial-Psixoloji ictimai birliyinin sədri Xəlil Süleymanov cəmiyyətdə narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlara yol açdığını, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizənin önəm daşıdığını diqqətə çatdırıb.
Çıxış edənlər narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə ediblər.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında diskusiyalar aparılıb.